Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan ədəbiyyatı tarixində üslub sadəliyi, mövzu rəngarəngliyi, forma müxtəlifliyi cəhətdən xüsusilə seçilən bir şair kimi şöhrət qazanmışdır. Çoxəsrlik ənənələri olan satirik şeirimizin ən parlaq səhifələrini, xalqımızın ruhunu Sabir yaradıcılığında oxuyub tanıya bilərik. Ədəbiyyatımızda süjetli satiranın ilk örnəklərini yaradan Sabir sadəcə satiranı davam etdirməmiş, janrın xüsusiyyətlərinin onun zəmanəsində xalqının mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini ifadə etmək baxımından da nə qədər uyğun bədii vasitə olduğunu əsərləriylə sübut etmişdir. İlk şeirlərini klassik ənənələr əsasında qələmə alsa da, M.Ə.Sabir ədəbi fəaliyyəti dövründə dini mərsiyələr, lirik şeirlər, felyetonlar, məqalələr yazmış, tərcüməçiliklə də məşğul olmuşdur. Milli satirik şeirimizə taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab janrlarını gətirən böyük şairimiz üçün gülüşün və kinayənin insan psixologiyasındakı rolu - islahedici keyfiyyəti başlıca bədii silah idi. Türk-müsəlman dünyasında milli geriliyə səbəb olan hər şey Sabir qələmində qamçılanmışdır. Yaradıcılığı boyu yeni mövzular axtarıb tapmağa çalışmış Sabir həyatın müxtəlif sahələrinə nüfuz etmiş, təkrardan qaçmış, humanizmin, demokratik ideyaların, milli dirçəlişin fədakar carçılarından olmuşdur. Böyük şair cəhalət dünyasında səadət günəşi doğacağına və bu günəşin ziyasından qaranlıqlar aləminin işıqlanıb nura boyanacağına inanırdı.
Məqaləmizdə böyük Azərbaycan şairinin əsərlərində diqqəti cəlb edən yeni həyata çağırış ruhlu mövzular - məktəb, tərbiyə, ailə məsələləri, milli qürur və qeyrət məsələlərindən bəhs olunacaqdır.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 28 Temmuz 2022 |
Yayımlandığı Sayı | Yıl 2022 Cilt: 5 Sayı: 3 |